Xəbərlər - Dərs Evi

*3377
 

DİM-in yaradılması və onun qəbul imtahanlarına təsiri

20.04.2016

 

Hörmətli abituriyentlər və valideynlər!

Məlumunuz olduğu kimi 11 Aprel 2016-cı il tarixində ölkə Prezidentinin müvafiq fərmanı ilə Dövlət İmtahan Mərkəzi (DİM) yaradılmışdır. Bu qurum qeydiyyatdan keçdikdən sonra TQDK-nın ləğv olunacağı gözlənilir və sonuncunun bütün hüquq və vəzifələri DİM-ə həvalə ediləcəkdir. Bu da o deməkdir ki, DİM bakalavr və magistr pillələri üzrə qəbul və sınaq imtahanları keçirəcək, tədris vəsaitlərinin monitorinqini aparacaq və Dövlət Qulluğuna qəbul üzrə namizədlərin biliklərini yoxlama kimi fəaliyyətlərlə məşğul olacaqdır.

Ətraflı məlumat üçün link-ə daxil olun: http://tqdk.gov.az/news/general/2184/

 

Məleykə Abbaszadə mətbuata verdiyi son müsahibəsində bu dəyişikliklərin cari ildə qəbul imtahanlarına hazırlaşan abituriyentlərə heç bir təsiri olmadığını vurğulamış və yeni mərkəzin yaradılmasını idarəetmə formasının dəyişikliyi kimi qeyd etmişdir.

Yuxarıda qeyd olunanlara əlavə olaraq abituriyentlərin imtahana hazırlıq prosesində də heç bir dəyişikliklərin olmayacağını bildirmişdir. Bu da o deməkdir ki, ərizələrin təqdim edilməsi, sınaq imtahanları və bu kimi tədbirlərin keçirilməsində struktur, zaman və tarix baxımından dəyişikliklər olmayacaqdır.

Ətraflı məlumat üçün link-ə daxil olun: http://az.trend.az/azerbaijan/society/2518521.html

 

Təbii ki, dəyişikliklərin olmaması ilə bağlı qeyd olunanlar yalnız cari ildə “tələbə” adını qazanmaq istəyən abituriyentlər üçün təsirsiz ötüşür və növbəti ildə qəbul imtahanına hazırlaşanları fərqli məlumatlar gözləyə bilər. Bununla bağlı qeyd etmək istərdik ki, abituriyentlər və onların valideynlərinin çaşqınlığa düçar olmamaları üçün müxtəlif sosial şəbəkələrdə və saytlarda müzakirə olunan və qeyd olunan məlumatlarla tanış olarkən onların yalnız rəsmi mənbədən olmasına xüsusi diqqət yetirmələri tövsiyə olunur.

Onu da qeyd etmək istərdik ki, Dərs Evi öz növbəsində baş verənləri diqqətlə izləyir, peşəkar səviyyədə təhlil edir və sizləri yeniliklərdən zamanında xəbərdar edəcəkdir. Yeniliklərdən xəbərdar olmaq üçün www.dersevi.az saytını və Facebook səhifəmizi izləməyə davam edin.