Xəbərlər - Dərs Evi

*3377
 

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə: “Texniki ixtisaslara olan maraq əvvəlki kimi yüksəkdir”

20.09.2017

 

Azərbaycanda müəllimlər, valideynlər və şagirdlər, birinci növbədə isə məktəbin kəndarını ilk dəfə keçən uşaqlar üçün mühüm hadisə olan yeni dərs ili başlayır. Ali məktəblərə daxil olmuş tələbələr də həyacan keçirirlər. Onlar bu haqqı çətin mübarizədə, bir neçə sınaq mərhələsindən keçib qazanıblar.  Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “Azerbaydjanskiye izvestiya” qəzetinin müxbiri İradə Ağayevaya bu ilki qəbul kampaniyasının xüsusiyyətləri haqqında bəhs etdi.  
— Keçən il ali məktəblərə və dövlət qulluğuna qəbulu həyata keçirən iki strukturun birləşməsini nəzərə alaraq, hazırkı qəbul kampaniyası faktiki olaraq abituriyentlərin test imtahanlarının təşkilatçısı olan DİM üçün yeni keyfiyyətdə debüt oldu. Ali məktəblərə daxil olan abituriyentlərin test imtahanlarının təşkilində də dəyişikliklər baş vermişdir. Bunlara səbəb nə oldu?

— İlk öncə qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin 24 fevral 2017-ci il tarixli 2694 saylı sərəncamı ilə qəbul kampaniyasında ilk dəfə iştirak edən bütün abituriyentlər bunun üçün tutulan ödənişdən azad edilmişdilər və bu dövlət başçısının insansevər siyasətini və onun bizim gənclərimizin gələcəyinə dair qayğısını bir daha nümayiş edir. Bu il təşkilatın hüquqi statusunun dəyişilməsi ilə əlaqədar olaraq biz martın 10-dan sonra, yəni Tarif şurasının imtahanlara dair qərarının qəbulundan sonra bütün növ imtahanların keçirilmə qrafikini müəyyən edə bildik. O ki qaldı abituriyentlərin test imtahanlarının təşkilində olan dəyişikliklərə, son dörd il ərzində biz artıq qəbul imtahanlarını iki mərhələdə həyata keçirirdik: birinci – öncəki illərin məzunları üçün, ikinci – cari ilin abituriyentləri üçün. Sonra onlar birlikdə ixtisas seçimi üzrə müsabiqədə iştirak edirdilər. Keçən kampaniyaların təhlili göstərdi ki, müxtəlif illərin abituriyentləri test imtahanlarının iki turunda eyni zamanda tam iştirak edə bilirlər. Bu, iştirakçıların psixoloji gərginliyini azaldırdı və onlara öz nəticələrini yaxşılaşdırmağa imkan verirdi. Üstəlik, qərar könüllüdür: istəsən, gücünü yaz imtahanlarında yoxla, istəsən – imtahana yayda get və ya özünü təkrar sına. Axırıncı variant gənclərə öz nəticələrini yaxşılaşdırmağa, müsabiqəyə daha yüksək balla qoşulmağa şans verir. Ali məktəblərə sənəd vermiş 80 mindən çox namizəddən müxtəlif yaş qrupundan olan 60 mindən çox abituriyent bu kampaniyanın yaz sessiyasında iştirak etdi. 10 nəfərin 700 bal topladığını nəzərə alsaq, nəticələrin heç də pis olmadığını demək olar. Lakin maraqlı olan nədir: yaz test imtahanından keçənlərin təxminən 80 faizi yay imtahanlarında da iştirak etməyi qərara aldılar. Və iyul imtahanlarında iştirak üçün qeydiyyatdan keçən gənclərin əksər hissəsini nisbətən yüksək bal toplamış abituriyentlər təşkil edirdi, aşağı bal toplayanlar isə özlərini təkrar yoxlamağa cəsarət etmədilər. Nəticədə maksimalistlərin, yəni 700 bal toplamış abituriyentlərin sayı 15 nəfərə artdı. 500 və daha çox bal toplamış abituriyentlər öz nəticələrini də yaxşılaşdırdılar.

— Bu marafonun iştirakçılarının, o cümlədən ali təhsil müəssisələrinə daxil olanların sayının artmasına dair sizin ehtimallarınız nə dərəcədə doğru çıxdı?  İmtahanda iştirak üçün ödənişin tətbiq olunmasının abituriyentlərin sayına təsir edəcəyinə dair narahatçılığınız var idi?

— Bu narahatçılıq əbəs oldu. Birincisi, yuxarıda qeyd etdiyim kimi, dövlət başçısının sərəncamı  imtahanda ilk dəfə iştirak edən bütün abituriyentlərə öz biliklərini bir dəfə ödənişsiz sınamağa imkan verdi. İkincisi, bu il ali məktəblər üçün 42 806 vakant yer təqdim olunub. Keçın il ilə müqayisədə, plan yerləri 2 faiz artdı: birinci qrupda – 1 faiz, ikinci qrupda – 5 faiz, üçüncü qrupda dəyişməz olaraq qaldı, dördüncü qrupda – 3,5 faiz, beşinci qrupda isə – 8 faiz. Beləliklə, ali məktəblərə qəbul planı artdı, abituriyentlərin sayı da 1340 nəfər artdı. Dövlət sifairşli yerlərin sayı praktiki olaraq dəyişmədi – əsas mübarizə məhz bu büdcə yerlərə görə aparılır. Abituriyentlər yüksək bal toplamağa çalışır və bu müsabiqənin vəziyyətinə təsir edir. Ümumilikdə tələbələrin ali məktəblərə qəbul planı 86,8 faiz yerinə yetirilib. Keçən il bu göstəricinin 83,3 faizə bərabər olduğunu nəzərə alsaq, bu, əlbəttə ki, yaxşıdır. Bu il tələbələrin ümumi sayı isə 3 min artıb.
— Özəl ali məktəblərə qəbul planı ilə vəziyyət necədir?

 — Burada vəziyyət belədir: 2016-cı ildə özəl ali məktəblər üçün plan 7038 yer idi, doldurma 45,2 faiz təşkil etdi. Bu il plan 6245 yerə azalsa da, doldurma 60 faiz təşkil etdi, üstəlik bu il özəl ali məktəblərə daxil olanların sayının mütləq artımı keçən il ilə müqayisədə 620 nəfər təşkil etdi. Gördüyümüz kimi, burda da müsbət dinamika müşahidə olunur.

— Qəbul olmuş abituriyentlərin sayının artması birinci tədris ilinin tələbə tərkibinin keyfiyyətinə keçən il ilə müqayisədə mənfi təsir göstərə bilərmi?
— Qəbul imtahanlarında abituriyentlərin əsas kütləsi cari ilin məzunlarıdır. Onlar ali məktəblərə daxil olanların ümumi sayının 65 faizindən çoxunu təşkil edirlər. İmtahanda iştirak edən ötən illərin məzunlarının sayı ildən ilə dəyişir. Bu dəyişikliklər müxtəlif sosial-iqtisadi səbəblərdən asılıdır. Belə abituriyentlərin  (nadir istisnalar nəzərə alınaraq) biliklərinin orta bilik səviyyəsi  cari ilin məzunlarının orta bilik səviyyəsindən qat-qat aşağıdır. Buna görə, qəbulun keyfiyyət göstəricilərindən danışanda, biz əsas olaraq cari ilin məzunlarının nəticələrini götürürük. Onları ötən illərin məzunlarının göstəriciləri ilə düzgün müqayisə etmək olar. Bax bu il abituriyentlərin orta balı 263,6 təşkil etdi (keçən il – 264,7). Gördüyünüz kimi, fərq böyük deyil və statistik  xətalar çərçivəsindədir. Lakin qruplar üzrə vəziyyəti təhlil etsək, görərik ki, I qrupda orta bal keçən ilki 225,8 bala qarşı 228,4 bal təşkil etdi. II qrupda bu göstəricilər müvafiq olaraq 275 və 263,6 bal təşkil etdi. Üçüncü qrupda – 296,3 bal, keçən ildə belə idi, dördüncü qrupda müvafiq olaraq 338,1 və 350,8 bal. Bu artıq irəliləyişdir. Gördüyümüz kimi, ümumi fonda orta ballarda nəzərə çarpan fərq olmadı. Tədqiqatlar göstərir ki, son üç il ərzində abituriyentlərin orta göstəriciləri faktiki olaraq minimal müsbət tendensiyayla eyni səviyyədə qalır.
— Ballar şkalası üzrə məlumatlar varmı? Neçə abituriyent ən aşağı, neçəsi isə ən yüksək bal toplayıb? Bu nəticələr sizi məmnun edir?
— Əgər ballar şkalası ilə baxsaq, biz polyarlaşma müşahidə edərik. Polyarlaşma nədədir? Ortabablar da var, geridə qalanlar da, əlaçılar da. Polyarlaşma ondadır ki, ortababaların bir qismi( 200-300 bal toplayanlar)  geridə qalanlar kateqoriyasına (100-200), bir qismi isə – əlaçılar kateqoriyasına keçir. Buna görə də, üç alanların sayı bu və ya digər qiymət kateqoriyasının xeyrinə azalır. Deyək ki, bu il 200-300 bal toplamış gənclərin sayı 9259 nəfər təşkil etdi (keçən il – 9713), lakin 300-500 bal toplamış abituriyentlərin sayı 14 085 nəfər (keçən il – 13 589), 500-700 bal toplamış abituriyentlərin sayı isə 6865 nəfər (keçən il - 6501) təşkil etdi. Bu, əlbəttə, müsbət tendensiyadır. Lakin aşağı bal toplamış abituriyentlərin sayının artması faktı da  bizi narahat etməyə bilməz. 
— İxtisas seçimində abituriyentlərin üstünlüklərində dəyişikliklər baş verdimi? Əgər baş verdisə, bu nə ilə izah olunur?  

— Texniki ixtisaslara maraq əvvəlki kimi yüksəkdir. Bu il I qrup üzrə 21 mindən çox gənc imtahan verirdi. Abituriyent sayına görə müsbət vəziyyət IV qrup üzrə ixtisaslarda da müşahidə olunur. Lakin həmişə eyni cür olmur. Təhlillər göstərir ki, müsabiqə vəziyyətindən asılı olaraq, məzunların üstünlükləri də dəyişir. Xüsusən də bu, iqtisadi və humanitar ixtisaslara gedənlərə aiddir. Bir il “anşlaq” II qrupda müşahidə olunur, növbəti ildə – III qrupda.  Məsələn, keçən il II qrupda müsabiqə çox yüksək idi, bu il isə həmin vəziyyət III qrupda yaranıb.Valideynlərin məsləhəti və ya başqa fikirlərlə (məsələn, bank sahəsində böhran) bağlı bu amil çox vaxt yuxarı sinif şagirdlərinin qərarına təsir göstərir.

— Yüksək bal toplayanların sayının artması tendensiyası müşahidə olunur. Bu il rekord sayda abituriyent – 15 nəfər – 700 bal topladı. Bu gəncləri nə istiqamətləndirir?
— Gənclərin prestijli ali məktəblərə, prestijli ixtisaslara daxil olmaq motivasiyası güclənib. Elə bu məqsəd abituriyentləri istiqamətləndirir. Bundan başqa, prezident təqaüdçülərinin siyahısına düşmək meyli də böyük rol oynayır. O faktı da nəzərə almaq lazımdır ki, bu və ya digər ali məktəbin  diplomları işəgötürənlər arasında yüksək qiymətləndirilir. Bu təhsil müəssisələrinin məzunlarına əmək bazarında tələbat var. Deyək ki, I qrupda Bakı Ali Neft Məktəbi, UFAZ, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, BDU şöhrətə malikdirlər. Bütün qruplarda məqsədyönlü və heysiyyətli abituriyentlər tez-tez ADA universitetini seçirlər.  II qrupda müsabiqə iştirakçılarının seçimi Dövlət İqtisad Universitetinə düşür. III qrupda bu Prezident yanında Dövlət İdarəçilik Akademiyası, BDU, Dillər Universiteti, IV qrupda isə – ali tibb məktəbləridir.  Diqqətinizi bir detala yönəltmək istəyirəm – yüksək bal toplayanların üstünlüklərinə bu və ya digər ixtisas üzrə dövlət sifarişli yerlərin sayı təsir göstərir. Bir çox abituriyent büdcə yerləri seçir, buna görə də, artıq qeyd etdiyim kimi, bu yerlərə dair müsabiqə çox yüksəkdir. Bu yarışmanı udmaq asan deyil. Lakin ali məktəblər özləri də ödənişsiz təhsil formasını seçmiş tələbələrin qəbulunda maraqlıdırlar. Çünki onların büdcəsinin bir hissəsi bu tələbələrin hesabına formalaşır. Yüksək keçid balı konkret ali məktəbin və ixtisasın reytinqinə təsir edir.

Şübhəsiz, şagirdlərlə peşəyönümlü işin güclənməsinə tələbat hiss olunur. Ali məktəblər məktəblərdəki tədbirlərə qoşulmalıdırlar, özləri açıq qapı günləri, olimpiadalar təşkil etməlidirlər. Gənc adam nəinki evinə yaxın ali məktəbi seçməlidir, həm də şüurlu şəkildə ixtisası seçməlidir və bunu öz gələcək peşə fəlaiyyəti ilə əlaqələndirməlidir. Fürsətdən istifadə edərək, hər kəsi qarşıdan gələn Bilik günü münasibəti ilə təbrik etmək istəyirəm, tələbələrə və magistrlara maraqlı tələbə həyatı arzu edirəm, öz bilklərini yorulmadan, səxavətlə şagirləri ilə paylaşan və onları öz ölkələrinin əsl vətəndaşı kimi tərbiyələndirən pedaqoqları təbrik edirəm.

Mənbə: dim.gov.az